Hövsan qəsəbəsindəki bağlar massivinin sakinləri su qıtlığından şikayətçidirlər.
Xezerxeber.az xəbər verir ki, onların iddiasına görə, su may ayından sentyabr ayına qədər kəsilir. Bu, illərdir ki, belə davam edir.
Sakinlər bildirirlər ki, yay fəsli boyunca suyu maşınla almağa məcburdurlar.
Hövsan sakinləri deyirlər ki, ilboyu normal gələn su məhz may ayında qəfildən kəsilir.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə, əsasən, vətəndaşların özlərinin çəkdikləri fərdi şəbəkələrdir, bu da yay aylarında, suya tələbatın artdığı dövrdə su təchizatının pisləşməsinə səbəb olur.
Bununla bağlı Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən “Azərsu”ya müraciət olunub, eskiz hazırlanıb. Eskizə əsasən, həmin ərazidə təxminən 300 metr uzunluğunda 110 mm diametrində borularla gücləndirici xətt çəkiləcək.
Bundan sonra həmin ərazilər qrafik üzrə su ilə təmin olunacaq.