Naftalan Şəhər İcra Hakimiyyəti özünü yandıran qazi ilə bağlı məlumat açıqlayıb.
İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, Naftalan şəhər Qasımbəyli kənd sakini 1993-cü il təvəllüdlü Tağıyev İlkin Həmid oğlu parkda üzərinə benzin tökərək özünü yandırıb.
Qeyd edilib ki, Tağıyev İlkin Həmid oğlu bu gün şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub:
“Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulayıb, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilib ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub”.
Bildirilib ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10 yanvar 2022-ci ildə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb:
“Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 9 avqust 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib.
İlkin Tağıyevə 20 sentyabr 2021-ci ildən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir. Bundan əlavə Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib.
2021-ci ildən hazıradək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilmişdir. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib.
Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2 torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib.
Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub.
Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib”.