“Məni ancaq qovsalar, gedəcəyəm” - De Byazi

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin III turunda “Dalğa Arena”da Estoniya ilə qollu heç-heçə edib – 1:1.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Canni de Byazi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İtaliyalı mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb: “İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Birinci hissədə oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Düşünürəm ki, daha çoxuna layiq idik. Əgər 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik”.

Baş məşqçi oyundan əvvəl sxemi dəyişməyi düşündüyünü, ancaq son anda bundan vaz keçdiyini söyləyib: “Çoxdan idi 4-2-3-1 sxemi ilə oynayırdıq. Matçdan əvvəl sistemi dəyişməyi düşündüm. Amma sistem dəyişsəydim və oyunumuz alınmasaydı, məni öldürərdiniz. Bizdə mövsüm bitib, rəqibdə isə çempionat davam edir. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam”.

67 yaşlı çalışdırıcı müqaviləsinin sonuna qədər istefa verməyəcəyini bildirib: “Qrupumuz barədə nə düşünürsünüz? Uğur qazanmaq üçün yaxşı maşın olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim. Özüm getməyəcəyəm, buradayam, işimi görürəm. Məni ancaq qovsalar, gedəcəyəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ