Azərbaycan Premyer Liqası haqda verdiyi açıqlama ilə gündəmə gələn AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov məsələyə aydınlıq gətirib.
“Qafqazinfo”ya danışan E.Məmmədyarov fikirlərinin yanlış anlaşıldığını bildirib.
O, iki komandanın, ilk növbədə “Araz Naxçıvan”ın əsas çempionata əlavə edildiyini deyib: “Əsas müzakirə qolları yoxlamaq üçün “VAR” sisteminin Naxçıvanda da qurulması oldu. AFFA-da qərara alındı ki, bu, lazımlı addımdır. Daha sonra həm Birinci, həm İkinci Liqa müzakirə olundu. Həmçinin, azad edilmiş ərazilərdə futbolun inkişafı müzakirə edildi. Hazırda “Füzuli” və “Cəbrayıl” Birinci Divizyonda iştirak edəcək. Amma ümumilikdə futbolun inkişafı üçün lazım olan infrastrukturun qurulmasıdır”.
Sabiq nazir ona ünvanladığımız “Elmar müəllim, iclasda Premyer Liqadakı komandaların sayının 12-yə çatdırılması müzakirə edilib, amma siz artıq sayın 12-yə çatdırıldığını açıqlamısız, AFFA da bu məlumatın yanlış olduğunu bildirib?” sualına belə cavab verib: “Mən bunun tərəfdarıyam ki, say 12-yə çatdırılsın. Yəqin məni yanlış anlayıblar. Müzakirələrdə də öz mövqeyimi bildirdim ki, say 12 olmalıdır. Mən demişəm ki, 12 komanda alınsa, Azərbaycan futbolu üçün önəmli olar”.
Xatırladaq ki, o, mətbuata açıqlamasında Premyer Liqada 10 komanda əvəzinə, 12 komandanın iştirak edəcəyini bildirib.
Qeyd edək ki, E.Məmmədyarov budəfəki açıqlamasında da yanlışlığa yol verib. Belə ki, sabiq nazir “Füzuli” və “Cəbrayıl” komandalarının Birinci Divizyona daxil edildiyini bildirib. AFFA-dan isə “Qafqazinfo”ya verilən açıqlamada sözügedən komandaların İkinci Divizyonda oynacaqlarını bildiriblər.