Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından dələduzluq edilib. Bu barədə İT mütxəsəssisi Rəşad İbrahimov Facebook hesabında paylaşım edib. O, saxtakarlıqla məşğul olanların “Tinder” sosial şəbəkəsində teatrın rəsmi veb səhifəsinə bənzər ikinci bir səhifə açdıqlarını və bilet adıyla insanların pulunu mənimsədiklərini deyib.
““Tinder” sosial şəbəkəsində müxtəlif xanım adları ilə profillər açaraq əks cinsin nümayəndələrinə tanışlıq məqsədilə yazırlar. Tanışlıq baş tutduqdan sonra isə “AzDrama”ya aid saxta keçidi göndərərək tamaşaya “birlikdə gedək adı ilə” bilet almasını istəyirlər. Vətəndaş kart məlumatlarını götürür və kartda olan vəasitləri mənimsəyirlər. Keçidi yoxladım, mütəmadi olaraq yenilənir və həmişə olduğu kimi dələduzlar Azərbaycanda deyil.
Ən gülməli tərəfi isə ondan ibarətdir ki, “AzDrama”nın rəsmi veb səhifəsinin nüsxəsini çıxarıb tərcümə edib saxta veb səhifə yaradıblar” - deyə o bilidirib.
Öz növbəsində, Akademik Milli Dram Teatrı beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.
Müraciətdə bildirilir ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı //theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir:
“Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunduğu qeyd edilib.