Üç nazir yola salınır: Kəmaləddin Heydərov istefa ərizəsi yazıb?

Azərbaycan hakimiyyətində anonsu verilən kadr dəyişikliyi gerçəkləşmək üzrədir. Yaxın günlərdə hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı gözlənilir. 

Bu barədə Yenisabah.az-a iqtidar düşərgəsindəki mənbədən bildirilib. Qeyd olunub ki, kariyerası ilə vidalaşacaq hər 3 şəxs nazirdir. 

Məlumatlı şəxs yol üstündə olan “üçlük”ün siyahısına Fövqəladə hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyini bildirib. Onun sözlərinə görə, postunu təhvil vermək K.Heydərovun öz arzusudur. Mənbə “fövqəlnazir”in hələ ötən ilin dekabrında istefa ərizəsi yazdığını bildirib. 

Hakim komandanı tərk etməyə hazırlaşan ikinci şəxs isə Ədliyyə naziri Fikrət Məmmədovdur. 68 yaşlı Məmmədovun yaxın günlərdə təqaüdə göndəriləcəyi bildirilir. 

Qeyd edək ki, ölkənin ən uzunömürlü nazirlərindən olan F.Məmmədov bu posta 2000-ci ilin aprelində təyin olunub. Onun hüquq-mühafizə orqanlarında aparılan islahatlar çərçivəsində işdən çıxarılması gözlənilir. 

Postunu itirməsinə real baxılan üçüncü hökumət üzvü isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarları ilə müqayisədə xeyli gənc və enerjili olan Əmrullayevin “vurulmasının” sırf ictimai rəylə bağlı olduğu deyilir. 

Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün “əcəl zəngi” sayıla bilər. 

E.Əmrullayevlə bağlı sərt qərarın qəbul ediləcəyinə real yanaşmayanlar da var.

Onların fikrincə, 41 yaşlı nazirin cəmi 3 il əvvəl bu posta təyinat alması onun adını “qara siyahı”dan çıxara bilər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ