SOCAR-da yeni rəhbər şəxslər təyin olundu

SOCAR-ın müəssisələrində yeni rəhbər şəxslər təyin olunub.

Buta.media xəbər verir ki, şirkətin yaydığı məlumata görə, Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə "Kompleks Qazma İşləri” Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-nin müdiri vəzifəsinə isə SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.

Bundan başqa, "Azneft” İstehsalat Birliyində (İB) bir sıra təyinatlar baş tutub. Belə ki, İB-nin "Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) Ayaz Bağırov, H.Z.Tağıyev adına NQÇİ-yə Fəxri Haqverdiyev, "Bibiheybətneft” NQÇİ-yə Salman Əliyev, Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıb. "Azneft” İB-nin baş mühəndisi – Baş direktorun birinci müavini vəzifəsinə isə Rövşən Qarayev gətirilib.

Qeyd edək ki, "Azneft” İB-nin "Siyəzənneft” NQÇİ-nin yeni rəisi Ayaz Bağırov daha öncə bu idarədə baş mühəndis, H.Z.Tağıyev adına NQÇİ-nin yeni rəisi Fəxri Haqverdiyev daha öncə "Bibiheybətneft” NQÇİ-nin rəisi, "Bibiheybətneft” NQÇİ-nin yeni rəisi Salman Əliyev daha öncə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi, Qaz anbarlarının istismarı idarəsinin yeni rəisi Xaliq Şəfiyev daha öncə N.Nərimanov adına NQÇİ-nin rəisi, Birliyin yeni baş mühəndisi – Baş Direktorun birinci müavini Rövşən Qarayev isə daha öncə Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda İB-nin keçmiş baş mühəndisi – Baş Direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışır.

Qeyd edək ki, "Azneft” İB-nin N.Nərimanov NQÇİ, eləcə də SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinə rəislər hələlik təyin olunmayıb.   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ