Səudiyyə Ərəbistanı Rusiyadan narazıdır

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında gərginlik artır. Bu barədə “The Wall Street Journal” xəbər verir.

Ər-Riyad hesab edir ki, Moskva neft hasilatını azaltmaq vədini tam yerinə yetirməyib və bununla da krallığın enerji qiymətlərini artırmaq səylərini təhlükə altına qoyur. Səudiyyə rəsmiləri rusiyalı həmkarlarına müqavilələrə əməl etmək tələbi ilə müraciət ediblər.

Mənbələr bildiriblər ki, dünyanın iki ən böyük neft istehsalçısı arasında fikir ayrılıqları OPEC+ nazirlər görüşü ərəfəsində daha artır. Təşkilat üzvləri ilin ikinci yarısı üçün istehsal planını müzakirə etmək üçün iyunun 4-də Vyanada görüşməlidirlər.

OPEC-in faktiki lideri olan Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları aprelin əvvəlində gözlənilmədən gündəlik hasilatı könüllü olaraq 1,65 milyon barel azaltdıqlarını elan ediblər. Brent markalı qara qızılın qiymətləri buna artımla reaksiya verdi. Qərardan əvvəl qlobal bank sektorunda baş verən qarışıqlıq fonunda martın sonunda neftin qiymətinin kəskin aşağı düşməsi qeydə alınıb.

Bununla belə, son məlumatlar göstərir ki, Rusiya bazara böyük həcmdə neft tədarük etməyə davam edir. Bu, Moskvanın gəlirini artırmağa kömək edib, lakin həddindən artıq təklif vəziyyəti pisləşdiri. WSJ yazır ki, neftin qiyməti aprel ayı ilə müqayisədə 10% ucuzlaşıb. Cümə günü Brent markalı neftin bir barreli 76,95 dollar olub.

Rusiyanın hərəkətlərinin Səudiyyə Ərəbistanı ilə enerji müttəfiqliyinə necə təsir edəcəyi və krallığın nə edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ