Sinan Oğan kimi dəstəkləyəcək? - Bu gün açıqlayacaq

Türkiyədə keçirilən prezident seçkilərinin I turunda məğlub olan “ATA İttifaqı”nın namizədi Sinan Oğan bu gün seçkilərin II turu ilə bağlı mövqeyini açıqlayacaq.

S.Oğan bu barədə öz “Twitter” hesabında bildirib. O, bununla bağlı yerli vaxtla 17:00-da mətbuat konfransı təşkil edəcək.

Beləliklə, Sinan Oğanın I turda topladığı 5,2% səsin II turda iştirak edən iki namizəddən hansına yönləndiriləcəyi məlum olacaq.

“Hürriyet” qəzetinin köşə yazarı Umut Erdem Oğanın öz dəstəyini “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana ifadə edəcəyinin gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, prezidentliyə keçmiş namizədin 5 maddədən ibarət protokolu imzalayıb Ərdoğana öz dəstəyini bəyan etməsi gözlənilir.

O, həmçinin Sinan Oğanın hazırkı Prezident Ərdoğanla görüşdən əvvəl XİN rəhbəri Mövlud Çavuşoğlu ilə də danışıqlar keçirdiyini vurğulayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. Mayın 28-i ikinci tur baş tutacaq.

Mayın 19-u isə Ərdoğan Sinan Oğanla görüşüb. Mediaya qapalı şəkildə keçirilən iclas 50 dəqiqə davam edib.

Qeyd edək ki, Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan “Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür” ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi, 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə uzaqlıqdır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ