Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir.
Buta.media-nın məluatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov "Demokrat.az" xəbər portalına müsahibəsində deyib.
A. Məhərrəmov qeyd edib ki, haqqında deyilən yalan və cəfəngiyyatlara fikir vermək istəmir:
O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var.
Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər. Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar. Mən öz zəhmətimlə sadə ailədən çıxmışam. Mən orta məktəbi medalla, ali məktəbi isə fərqlənmə ilə bitirmişəm. Moskva Dövlət Universitetində oxumuşam, çoxları aspiranturanı 3 ilə müdafiə etdiyi halda mən 2 il 5 aya başa vurmuşam, doktorluğumu cavan vaxtımda etmişəm, cavan yaşlarımda Akademiyanın müxbir və həqiq üzvü olmuşam. Yəni, elm adamlarına ləkə atan zaman bir qədər düşünmək lazımdır.
Vallah, yeni rektorla çox gözəl münasibətimiz var. Onun rəhmətlik atasını da, özünü də, böyük qardaşını da tanıyıram. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ancaq mən indi daha rekyor deyiləm, onun işinə qarışa bilmərəm. Hazırda mən kafedra müdiriyəm və uzun illər də kafedra müdiri olmuşam. Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasına rəhbərlik edirəm.
Uzun illər burada dekan da olmuşam. Yəni, haradan getmişəmsə, ora da qayıtmışam. Ancaq onu biləsiniz ki, bizim kafedra ən böyük kafedralardan biridir. Mənim rəhbərliyimlə 70-dən çox alim müdafiə edib. Onun 20-dən çoxu elmlər doktoru, 50-si isə elmlər namizədi olub. Mən bu kollektivlə yenə bir yerdə işləyirəm. Onların bəziləri bu gün Yaponiyada, Portuqaliyada, İspaniyada, ABŞ-da, Rusiyada işləyirlər. Mən onlarla fəxr edirəm. Əvvəlkindən indi boş vaxtım çoxdur. Çalışacam ki, bu alimlərin sayı qısa müddətdə 100-ə çatsın. Mən ilk növbədə elm adamıyam. Ona görə də bu elmə hörmət və diqqətlə yanaşıram".