Priqojin Ukraynanın Baxmutu tərk etməsinə görə nə söz verib?

“Vagner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin Kiyevə sövdələşmə təklif edib: Ukrayna qoşunlarının Baxmutdan çıxarılması müqabilində o, Rusiya qoşunlarının yerləşdiyi yerlər barədə məlumatları ötürəcəyini vəd edib. Bu barədə “The Washington Post” yazıb.

Pentaqondan sızdırılan sənədlərə görə, Priqojin bu təklifi 2023-cü ilin yanvarında müharibə zamanı əlaqə saxladığı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində olan tanışları vasitəsilə ötürüb. “The Washington Post” yazır ki, Priqojin telefonla danışmaqdan əlavə, Afrika ölkəsində Ukrayna zabitləri ilə şəxsən görüşüb.

Priqojinin hansı mövqelərin yerini göstərəcəyi açıqlanmır.

İki ukraynalı məmur anonim olaraq “The Washington Post”a Priqojinin Ukraynanın kəşfiyyatı ilə “dəfələrlə” söhbət etdiyini təsdiqləyib. Kiyevdə Baxmutla bağlı təklifə razı olmayıblar, çünki “Vaqner” ÖHŞ-nin yaradıcısına etibar etməyiblər. Anonim Amerika rəsmisi qəzetə bildirib ki, Vaşinqton da Priqojinin səmimiliyinə şübhə edir.

Mayın 13-də “The Washington Post” qəzetinə müsahibə verən Ukrayna prezidenti Volodimir Zelenski Priqojinlə əlaqəni nə təsdiq, nə də birbaşa təkzib edib. “Bu, [hərbi] kəşfiyyat məsələsidir”, - Zelenski deyib. Müsahibə dərc edildikdən az sonra qəzet bu fraqmenti saytdan silib - lakin Priqojinin yanvar təklifi ilə bağlı məqalə dərc edildikdən sonra geri qaytarılıb.

Fevral və may aylarında Priqojinlə Rusiya Müdafiə Nazirliyi ilə müanqişə yaranıb. Priqojin Baxmutdakı “Vaqner”dəstələri üçün kifayət qədər sursat olmamasına görə RF müdafiə naziri Segey Şoyqunu sərt ittiham edib.

Meduza-nın mənbələrinin məlumatına görə, dövlət mediasının təbliğatçıları artıq Kremldən “xəbərdarlıq” alıblar ki, Priqojin Rusiya Müdafiə Nazirliyini tənqid etməkdə və “cəbhədəki uğursuzluqlardan” danışmağa davam edərsə, nəşrlərdə onu “satqın” kimi qələmə vermək lazımdır. “The Washington Post” da iddia edib ki, Rusiya Müdafiə Nazirliyi Priqojini açıq şəkildə tənqid etmək üçün kampaniya hazırlayır, lakin onu təşkil edə bilmir.

Priqojin özü isə Zelenskinin müsahibəsini dərc etdikdən sonra “[Baş Kəşfiyyat İdarəsinin rəhbəri] Kirill Budanov və ya Afrikadakı Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ilə görüşü ilə bağlı suala belə cavab verib: “Bəli, əlbəttə ki, mən bu məlumatı təsdiq edə bilərəm, bizim xarici kəşfiyyat xidmətlərindən gizlədə biləcəyimiz heç nə yoxdur: Budanovla mən hələ də Afrikadayıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ