Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində vəziyyət ağır olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin irəliləməyə müvəffəq olmasına baxmayaraq, rusiyalılar geri çəkilmir, əksinə, şəhərə hava desant-hücum bölmələrini cəlb edirlər. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyara Telegram-da yazıb.
“Baxmutda və şəhərin ətrafında hər şey çətindir. Çox çətindir. Buna baxmayaraq, qoşunlarımız bir neçə gün irəliləməyi bacardı. Bütün bunlar bizim ordunun fövqəlgücləri və peşəkarlığı sayəsindədir”, - deyə Malyar bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusunun uğurlarına baxmayaraq, rusiyalılar məqsədlərini dəyişmir və öz hava desant-hücum bölmələrini Baxmutun kənarına toplayırlar.
“Ağır döyüşlər davam edir. Baxmutun müdafiəsi davam edir”, - müdafiə nazirinin müavini bildirib.
Eyni zamanda, Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, Ukrayna qoşunlarının Baxmut istiqamətində irəliləməsi hücum əməliyyatlarının ilk uğurudur. “Son bir neçə gün göstərdi ki, biz son dərəcə çətin şəraitdə belə irəliləyib düşməni məhv edə bilərik”, - o vurğulayıb.
Sırski qeyd edib ki, Ukrayna rusiyalılardan daha kiçik resursla mübarizə aparır. Eyni zamanda ukraynalılar düşmənin planlarını məhv etməyə nail olurlar.