Gürcüstan Prezidenti Salome Zurabişvili hakimiyyəti “Rusiyanın çaldığı havaya oynamaq”da ittiham edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Salome Zurabişvili bunu "Facebook" hesabındakı paylaşımda qeyd edib.
Dövlət başçısı hakimiyyət nümayəndələrinin Rusiyanın Gürcüstanla birbaşa aviareysləri bərpa etmək qərarını humanitar addım kimi qiymətləndirməsini psevdo-vətənpərvərlik adlandırıb:
“Əgər biz xaricdə yaşayan Gürcüstan əsillilərin taleyi ilə maraqlanırıqısa, maraqlıdır niyə mən bu dörd il ərzində ədliyyə sahəsində müzakirələrdə heç bir nailiyyət əldə edə bilməmişəm? Məsələn süni və əhatəsiz testlərlə Gürcüstan vətəndaşlığı vermək və ya bərpa etmək yerinə prosesi sadələşdirmək olardı”.
Zurabişvili Rusiyadan Gürcüstana gəlməklə bağlı hazırda heç bir çətinliyin olmadığını qeyd edib:
“Gürcüstana gəlişlə bağlı iddia olunan çətinliklərə gəldikdə isə xatırladım ki, onlar Minsk, İrəvan, Bakı və Türkiyə vasitəsilə hətta Lars sərhəd-keçid məntəqəsini keçərək heç bir problemsiz gələ bilirlər. Onların viza problemi var? gürcüstanlılar da olmaqla 700 mindən çox Rusiya vətəndaşının gəlməsi və 600 mindən çoxunun ölkəni tərk etməsi hərəkətin asan olduğunu sübut edir. Ona görə də onlar (hakimiyyət nümayəndələri) yalandan humanitar, pesvdo-vətənpərvərlik hisslərinə müraciət edirlər".