Bu gün Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi nalayiq ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib.
Buta.media məlumat verir ki, "Report"un xəbərinə görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.
Bildirilib ki, R.İlyasovla R.Axundov bu günükü məhkəmə prosesinə də gəlməyiblər.
Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O deyib ki, “Space TV"-də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib: "Buna görə də hər iki şəxs cinayət məsluliyyətinə cəlb edilib, 6 ay müddətinə azadlıqdan məhrum edilsin".
Xüsusi ittihamçı R.Sadıqlı da vəkili ilə razı olduğunu söyləyib, müğənnilərin həbs edilməsini istəyib.
Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.
Proses mayın 2-dək təxirə salınıb.
Qeyd edək ki, aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.
Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.