Şərti Ermənistan-Azərbaycan sərhədində döyüşlər şiddətlənir.
Caliber.Az-ın məlumatına görə, Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze-dronlardan fəal şəkildə istifadə edir. İndiyədək 5 güclü partlayış qeydə alınıb.
İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedir.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.