Mayın 3-nə keçən gecə Rusiya hərbçiləri İran istehsalı olan kamikadze pilotsuz təyyarələrlə Ukraynaya hücum edib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 26 “Shahed-136/131” zərbə pilotsuz təyyarə Ukraynaya hücum edib, onlardan 21-i məhv edilib.
Pilotsuz təyyarələr Bryansk vilayətindən və Azov dənizinin şərq sahillərindən buraxılıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında hücumu təsdiqləyib.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, bütün İran PUA-ları paytaxt səmasında aşkar edilərək vurulub. Bu, artıq son altı gündə Kiyevə üçüncü hava hücumu idi. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Dnepropetrovsk vilayəti üzərində gecə saatlarında İranın yeddi pilotsuz təyyarəsi vurulub. Dronlardan biri Dneprdə inzibati binaya ziyan vuraraq yanğına səbəb olub. Ölən və yaralananlar olmayıb.
Nikolayev vilayətində pilotsuz təyyarə Kutsurub icmasının yaşayış məntəqəsi ərazisində fərdi yaşayış evinə düşüb. Nəticədə yanğın baş verib. İtki olmayıb. Ərazi üzərində uçan daha bir pilotsuz təyyarə vurulub.