Polis qızla oğlanın öldüyü hadisə ilə bağlı - Yeni detallar + Foto

16 avqust 2020-ci il tarixdə Samux rayonunda iki polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədə iştirak edən “NEW Holland TC-5050” markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pzoma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il həbs cəzası verilib.

Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.

Mərhum L.Süleymanzadənin atası qızının Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə Asan Xidmət Mərkəzində kiçik inspektor vəzifəsində işlədiyini bildirib. O, həmin gün qızını özünün işə apardığını və işdən onun qanunsuz olaraq digər idarəyə göndərildiyini deyib: “Əvvəllər qızımla söhbət əsnasında mənə bildirmişdi ki, ola bilsin ki, bəzən pasportların BPMQİ-dən götürülərək Gəncə Asan Xidmət Mərkəzinə gətirilməsi ona həvalə edilə bilər.

Lakin daha əvvəl ora gedib-getməməsi barədə mənə heç vaxt məlumat verməyib. Mən Ləmana bildirmişdim ki, ona belə tapşırıq verildiyi halda mənə məlumat versin, özüm onu aparıb-gətirim. Qızımın olduğu maşının sürücüsü Gəncə şəhəri Nizami rayon polis İdarəsinin əməkdaşı olmuş Elnur Çağırqanovu tanımamışam. Kombaynın hərəkətdə olduğu yolun eni 3 m, kombaynın qabaq tərəfdən eni isə 4 metrdir. Qanuna görə bu texnika bıçağı texnikadan sökülüb ayrılaraq başqa texniki vasitə ilə bir məntəqədən digər məntəqəyə aparılır, kombaynın özü isə müvafiq dövlət qurumlarının əməkdaşlarının müşahidəsi altında hərəkət edir. Hətta bu texnikanın əyləc sistemi olmadığından onun avtomobil yoluna çıxması qadağan olunub. Eyni zamanda 17 avqust 2020-ci il tarixdə hadisənin baş verdiyi yerə getdikdə, orada kombaynın təkərlərinin izindən müəyyən etdik ki, hadisə vaxtı kombayn dönmə əməliyyatı edib.

Həmin gün 09:30 radələrində qrup rəhbəri qızıma BPQMİ-nin Gəncə regional bölməsinə ümumvətəndaş pasportlarının gətirilməsi üçün göstəriş verib. Qızım isə yuxularını qarışdırdığını, özünü pis hiss etdiyini, ağrıdığını rəhbəri Pərvin xanıma bildirib. Bu sözləri mənə onların özü deyib. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq qanunazidd hərəkətlərə və ya hərəkətsizliyə görə cavabdeh olan şəxslərin səhlənkarlıqları ucbatından, işdə ciddi nöqsanlarına görə qızım Ləman Süleymanzadənin ölümünə səbəb olan bütün vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalanmalarını tələb etmişəm”.

L.Süleymanzadənin atası bir müddət sonra məhkəməyə ərizə təqdim edərək şikayət və tələbinin olmadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ