Yaponiya tərəfindən istehsal edilən və göyərtəsində Birləşmiş Ərəb Əmirliklərinin “Rəşid” lunoxodu olan “Hakuto-R” modulu Atlas kraterinin yaxınlığında Aya enməyə cəhd etdikdən sonra əlaqə yarada bilməyib. CNN xəbər verir ki, “Hakuto-R”ni hazırlayan “Ispace” şirkəti cihazın itdiyini etiraf edib.
“Hakuto-R” tarixdə Aya enən ilk kommersiya modulu olmalı idi. O, 11 dekabr 2022-ci ildə Kanaveral burnundan buraxılan “SpaceX” raketi ilə kosmosa uçub. “Hakuto-R”nin Aya səyahəti üç ay çəkib, sonra cihaz öz orbitində daha bir neçə həftə qalıb. Eniş cəhdi Tokio vaxtı ilə 01:40 radələrində edilib.
Planlaşdırılan eniş vaxtından 20 dəqiqə sonra modulla əlaqə qurmaq mümkün olmadıqda, şirkət rəhbərləri missiyanın uğursuzluqla başa çatdığını, bunun səbəbinin isə hələ müəyyən edilmədiyini etiraf ediblər.