“Keçmiş ərim evimizə qadın alt paltarları göndərib təhqir edir”

Bakının Yasamal rayonunda yaşayan Nərmin Abbasəliyeva keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən özünün və ailəsinin təhqir edildiyini bildirir.

“Qafqazinfo”ya müraciət edən N.Abbasəliyeva 9 il əvvəl Nail Həsənovdan rəsmi qaydada boşandığını deyib.

Şikayətçi sonrakı illər ərzində həmin şəxsin onu və ailəsini rahat buraxmadığını, təhqir etdiyini iddia edib. N.Abbasəliyeva bildirib ki, sonuncu dəfə bu ilin 8 aprel tarixində axşam saatlarında keçmiş həyat yoldaşının qardaşı Tural Həsənov yaşadığı evə atasının adına qadın alt paltarları göndərməklə onları təhqir edib: “9 il əvvəl boşansam da, son 7 ildir qarşı tərəf bizə rahatlıq vermir. Keçmiş həyat yoldaşım qardaşı vasitəsilə, yəni 3-cü şəxslərdən istifadə edərək ailəmi və məni yaşadığımız ünvanda narahat edir, şərəf və ləyaqətimizə xələl gətirəcək əməllər törədir. Belə ki, alçaldıcı hərəkətlər edib biədəb köhnə qadın alt paltarını kuryer vasitəsilə evə, atamın adına göndəriblər. Həmin vaxt binanın mühafizəçiləri ayıq davranaraq kuryerin evə qalxmasına icazə verməyib, bağlamanın verilməsini istəyiblər. Bundan sonra mühafizəçi məsələdən şübhələnərək kuryeri mənzilə qədər müşayiət edib və hər şey beləcə məlum olub. Mənim əsas şikayətim bu hadisəyə düzgün hüquqi qiyməti verməyən Yasamal RPİ-nin 27-ci Polis Bölməsindəndir. Belə görünür ki, keçmiş həyat yoldaşım qardaşına mülki etibarnamə verərək istədiyini edə, bizi təhqir edə bilər?”

N.Abbasəliyeva qeyd edib ki, bağlamadan təhqiredici əşyalar çıxdıqdan sonra dərhal zəng edərək 102-yə məlumat veriblər: “Bizi 27-ci bölməyə yönləndirdilər. Kamera görüntüləri, 3-cü şəxsin təsdiqi və şəxsin öz əməlini təsdiq etməsinə baxmayaraq keçmiş həyat yoldaşım olan polis əməkdaşı Nail Həsənov vəzifəsindən sui-istifadə edərək məsələdən rahatlıqla çıxdı. Hətta bizə bildirdi ki, adamın imkanı, dayısı olanda görün nə edir?”

Şikayətçi onu da əlavə edib ki, boşandıqdan sonra qarşı tərəflə aralarında mülki mübahisə davam edib və məhkəmə çəkişməsi olub: “Bu məsələlər illərdir bitmir. Mənim şəxsi sənədlərimi, zinyət əşyalarımı oğurladılar. Əlimdəki bütün sübutlara baxmayaraq yenə arxalandıqları şəxslərin dəstəyi ilə bu işi ört-basdır etdilər. Artıq kimdən kömək istəyəcəyimi bilmirəm. İndi evimə qədər 3-cü şəxsi göndərib məni narahat edən şəxs daha nələr edər?”

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev saytımıza açıqlamasında bildirdi ki, müraciətlə bağlı polis tərəfindən tərəflərin izahatları alınıb: “Bu, ailədaxili məsələdir. Daxil olan müraciət üzrə müvafiq polis orqanında araşdırma aparılır, tərəflərin izahatı alınıb. Qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Gələcəkdə ailəni narahat edən belə halların yol verilməyəcəyinə dair iltizam alınıb. Araşdırmanın nəticəsi barədə müraciət edən tərəfə məlumat verilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ