Azərbaycanlı “stendap”çı xanım: Millətimlə fəxr edirəm - VİDEO

“Paxlava Production” layihəsi tanınmış Rusiyalı stendap komediyaçı Yuliya Əhmədova ilə müsahibə edib.

Oxu.Az xəbər verir ki, Y.Əhmədova “Stop, harrasment” stendap proqramı ilə Rusiyada ilk solo səfərini gerçəkləşdirməyə hazırlaşır. Silsilə konsertləri ərəfəsində Yuliya mətbuat konfransı keçirərək, jurnalistlərin o cümlədən, azərbaycanlı media nümayəndələrinin suallarını cavablandırıb.

Y.Əhmədova milliyəti ilə bağlı ona tez-tez ünvanlanan suallardan bezmədiyini dilə gətirib.

“Mən öz millətimlə fəxr edirəm. Atam azərbaycanlıdır, ata tərəfim hamısı azərbaycanlılardır. Anam isə ukraynalıdır. Ona görə emosional bir insanam. Atam hərbçi olduğu üçün uşaqlığımda tez-tez yaşayış yerini dəyişmişik, ona görə heç doğma şəhərim də yoxdur. Milli mənsubiyyət məndə daxildədir, zahirən isə bununla diqqət çəkməyə çalışmıram”, - deyə Əhmədova bildirib.

O bu yaxınlarda Bakıda keçirilən “stendap”çıların konsertində iştirak edə bilməməsinin səbəbini açıqlayıb. Bildirib ki, buna səbəb konsertlərinə hazırlıq prosesi olub.

“Əlbəttə ki, çox istərdim Bakıda olum. Deyirlər çox gözəl şəhərdir. Orada qohumlarım olsa da, onlarla əlaqələr kəsilib. Ona görə ki, yaxınlarım oradan çoxdan köçüb. Bakıda yalnız nənəmin bacısı və belə uzaq qohumlarımız qalıb”, - deyə Y.Əhmədova qeyd edib.

Solo konsertini elan edən yumorist xanım, kişilərin qadınlara “sataşma”sı probleminə öz münasibətini bildirib.

“Mənə görə, başlıca problem – bizim patriaxal cəmiyyətdə geniş kütlələrin bunu problem hesab etməməsidir. Xüsusilə kişilər bu problemi ciddiyə almır. Tez tez eşidirəm, deyirlər ki, “səni arxadan əlləyiblər”. Hə, nə olsun?! Slutski (deputat Leonid Slutski - red.) də belə münasibət bəsləyir. Kişilər bizim bu zaman hansı hisslər keçirdiyimizi, buna necə yanaşdığımızı anlamır. Öz konsertlərimdə qadın mənliyimi göstərmək istərdim. Başa düşürəm ki, bu hər hansı inqilaba səbəb olmayacaq, bununla belə, hər halda məni kimlərsə eşidəcək və məsələnin başqa tərəfinin də olduğunu düşünəcək.

Görürəm ki, Amerika və Avropada belə qalmaqallarda adları hallanan şəxslər hər şeyini itirir. Bizim ölkədə isə bu heç də problem deyil. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, sənə sataşırlarsa, deməli özün bunda günahkarsan: açıq saçıq geyinmisən, ora-buranı burcutmusan və ya başqa hərəkətlər etmisən. Yəni  bizdə kişilərin nüfuzuna heç bir halda xələl gəlmir. Sosial şəbəkələrdə mənə yazırlar: afərin! əsl kişidir! və s. Bu məsələdə kişilərin əlbir olduğunu düşünmürəm. Sadəcə hesab edirəm ki, cəmiyyət qadınları dinləmək üçün kifayət qədər yetkinləşib”, - deyə Y.Əhmədova vurğulayıb.

Onun  sözlərinə görə “stendap”da belə sərt mövzuların qaldırılmasından sonra pərəstişkarların müəyyən bir hissəsi ondan uzaqlaşıb.

Y. Əhmədova kişi və ya qadın yumoru arasında hər hansı fərq görmədiyini və ümumiyyətlə gender seqreqasiyasına qarşı çıxdığını diqqətə çatdırıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ