Erməni mənbələri Azərbaycan ordusunun martın 29-na keçən gecə Zəngəzurda Laçın rayonu istiqamətində irəliləməsinin yeni təfərrüatlarını açıqlayıb.
Bu barədə Haqqin.Az saytı yazı hazırlayıb.
Azərbaycan ordusunun Kafan rayonunun Tex kəndi ərazisinə daxil olaraq sovet sərhədlərini keçərək kəndin 50-60 hektar ərazisini nəzarətə götürdüyü iddia edilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bununla bağlı məlumat yayıb ki, iki ölkənin nümayəndələri artıq Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sərhəddə görüşüblər, xəritələri dəqiqləşdiriblər, bundan sonra “vəziyyət xeyli yaxşılaşıb”.
Azərbaycan Müdafiə Nazirliyinin daha əvvəl bəyan edib ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Öz növbəsində, Ermənistan tərəfi bildirib ki, ötən il Azərbaycanla əldə olunan razılaşmaya əsasən, yeni Laçın yolu Ermənistan ərazisi ilə Tex kəndi deyil, Kornidzor kəndi istiqamətində birləşdiriləcək.
Nəticədə martın 29-na keçən gecə Azərbaycan ordusu Qekari körpüsündən Tex kəndi istiqamətində ermənilərin müvəqqəti istifadəsi üçün nəzərdə tutulmuş yolu bağlayıb və bununla da Ermənistanla sərhədin beş kilometrlik hissəsinə tam nəzarəti təmin edib.
Təx kəndinin sakinləri iddia edirlər ki, səhər yuxudan duranda kəndin ətrafında yeni mövqeləri möhkəmləndirən Azərbaycan ordusunun əsgərlərini görüblər. Onların sözlərinə görə, kəndin əkinçilik və otlaq sahələrinin bir hissəsi Azərbaycan ordusunun nəzarətinə keçib.
Rusiyalı milyarder Ruben Vardanyanın (hazırda Qarabağdadır) təsis etdiyi Tex kənd icmasının ağsaqqallar şurasının, həmçinin “Həyat üçün ölkə” partiyasının üzvü Arqam Hovsepyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, bu zonada sülhməramlı qüvvələr olub. Lakin martın 28-dən 29-na keçən gecə rusiyalılar geri çəkilib, Azərbaycan ordusu isə irəliləyib.
“Ermənistan ordusunun günahı nədir? – Arqam Hovsepyan qəzəblənib. - Rusiyalılar geri çəkildi, azərbaycanlılar irəli getdi?”
Bununla belə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hesabatında RF hərbçilərinin iştirakı ilə bağlı bir kəlmə də deyilməyib. Sadəcə qeyd olunur ki, mübahisəli ərazi boyunca İrəvanla Bakı arasında əldə olunan razılaşmalara əsasən Azərbaycan və Ermənistan sərhədçilərinin postları yerləşdirilməli idi.
Erməni tərəfinin rəsmi izahatlarına əsasən, baş verənlərin hamısı sovet dövrünün coğrafi xəritələrindəki uyğunsuzluqların nəticəsidir. Buna görə bəzi yerlərdə Azərbaycan tərəfi mövqelərini möhkəmləndirməyə və mühəndis işləri aparmağa başlayıb.
Tex icmasının Ağsaqqallar Şurasının üzvünün sözlərinə görə, hazırda danışıqlar aparılır.
Maraqlıdır ki, Kornidzor kəndinin başçısı Arşak Karapetyan bir gün əvvəl azərbaycanlıların bir santimetr də irəli getmədiyinə inandırıb. Lakin bu gün o, Kornidzor ərazisini nəzərdə tutduğuna aydınlıq gətirib. Amma Texdə, Karapetyanın sözlərinə görə, azərbaycanlılar təxminən 50-60 hektar irəliləyiblər.
“Tex-Kornidzor (Syunik rayonu) bölməsində Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib və sərhəd xəttinin dəqiqləşdirilməsi üçün işlər aparılıb, nəticədə vəziyyət xeyli yaxşılaşıb”, - Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bildirib.
Bununla belə, Ermənistan mediası “vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması” ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını iddia etməkdə davam edir. Onların fikrincə, Azərbaycan ordusu öz mövqelərində qalır və geri çəkilmir. Tex kəndi yaxınlığında Azərbaycan və Ermənistan hərbçiləri arasında əlbəyaxa davanın baş verdiyi də bildirilir.
Ötən gün Ermənistan parlamentinin müxalifətdən olan bir qrup deputatı Tex kəndinə gedib və onların sözlərinə görə, “Azərbaycana ordusunun irəliləməsini” öz gözləri ilə görə biliblər.
Qeyd edək ki, Azərbaycanın digər işğal olunmuş əraziləri kimi, Tex kəndi istiqamətində yerləşən Laçın rayonunun əraziləri də otuz ildir ki, ermənilər tərəfindən qanunsuz istismar olunur.
İndi Azərbaycan Ermənistanla sərhədin bu hissəsini nəzarətə götürüb və bunun nəticəsində ermənilər arasında “yeni ərazilərin itirilməsi” ilə bağlı hay-küy yaranıb.