Məhkəmə piyadanı vurub qaçan tanınmış bloger barəsində qərar verdi

Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloger Sabina Katanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Sabina Katanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verilib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılır.

Növbəti proses aprelin 5-nə təyin edilib.

İttihama görə, 1991-ci il təvəllüdlü Sabina Katanova 5 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi “Toyota Prado” markalı minik avtomobillə Nərimanov rayonu ərazisində saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Sabina Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

S.Katanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

Xatırladaq ki, bir müddət öncə Sabina Katanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.

Qeyd edək ki, Sabina Katanova “Instagram”da bloger kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ