Restoranda musiqiyə görə öldürülən şəxs DSX əməkdaşı imiş - TƏFƏRRÜAT

Bakıda restoranda musiqi sifarişinə görə öldürülən və yaralanan şəxslərin çalışdıqları qurum məlum olub.

Nəsimi rayonu ərazisində baş vermiş hadisə zamanı öldürülən 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 16-da saat 00:30 radələrində DSX-nin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib:

“Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

10:58

Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsarət alan şəxslərlə bağlı bəzi məqamlar ortaya çıxıb.

APA xəbər verir ki, hadisə zamanı 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu bıçaqlanıb.

Cəsarət Vəliyev aldığı bıçaq xəsarətlərindən ölüb. Camal Həsənov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölən və xəsarət alan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ