Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevanı işdən çıxarıb.
Buta.media-nın məlumatına görə, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Yeni direktorun Günel Ağayevadır. G.Ağayeva bundan əvvəl məktəb-litseydə müəllim işləyib.
Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.
Təhsil Nazirliyindən isə bildirmişdilər ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib. Müəllimlər isə töhmətin rüşvətxor direktor üçün yüngül tənbeh olduğunu deyirdilər.
Nəhayət nazirlik bu cür neqativ imicə malik direktoru vəzifəsindən çıxarıb. Onun barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətlərlə bağlı hansı tədbirlərin görüldüyü isə məlum deyil.