Bakıda gənc həkimi öldürən Talıblı azadlıqda gəzir – FOTO

Bakının mərkəzində avtomobillə piyada keçidində vurularaq öldürülən 28 yaşlı həkim, ölümündən cəmi 2 ay əvvəl ailə qurmuş mərhum Lalə Sadayzadənin anası Gülsüm İsmayılova fəryad edir. 

 

Virtualaz.org-a müraciət edən gözüyaşlı ana deyir ki, övladının ölümünə bais olan 18 yaşlı sürücü hələ də həbs olunmayıb, azadlıqda gəzir. 

 

İstintaq isə bu işi düzgün araşdırmır, müəmmalı səbəblər göstərir.

 

Naşı və ya harın sürücülərin hər gün yollarda piyadaları vurub öldürdükləri Azərbaycanda növbəti belə faciə bu il yanvarın 18-də Lalənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib.

 

 “Müstəntiq bizə deyir ki, həmin ərazidəki müşahidə kameraları hadisəni qeydə almayıb. Mühüm dövlət strukturlarının - Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Milli Məclisin qarşında baş vermiş hadisənin kameralar tərəfindən qeydə alınmaması  inandırıcı deyil, bu necə ola bilər axı? ”, - qəzada həyatını itirən gənc həkimin anası, Gülsüm İsmayılova danışır.

Lalə Azərbaycan Tibb Universitetini bitirib, öz bilik və bacarığı, zəhməti sayəsində oxuyub, Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsində həkim-kardioloq kimi işə qəbul olunub.

 

Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaqı Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Emil Abdullayev aparıb. Ana deyir ki, müstəntiq işi müəmmalı şəkildə düzgün araşdırmayıb, lazım olan şahid ifadələri alınmayıb, hadisənin obyektiv araşdırılması üçün digər sübutlar toplanmayıb.

 

“Məhz bu səbəbdən qızımı maşınla vurub öldürən  şəxs bu günə kimi də həbs edilməyib, azadlıqda gəzir. Göz görə-görə cinayət cəzasız qalır”-İsmayılova deyir.

 

Hadisəni törədən sürücü barədə isə bunlar məlumdur ki, Talıblı tələbədir. Atası bizneslə məşğuldur, anası isə Bakının hansısa rayonunda İcra Hakimiyyətində işləyir.

 

 “Həmin yolda sürət həddi 60 km/saatdır. İstintaq materiallarında da avtomobilin guya bu sürətlə hərəkət etdiyi göstərilir. Amma qızımı vuran avtomobil çox yüksək sürətlə hərəkət edib.  Əynindəki gödəkçəsi cırıq-cırıq olub balamın, kəllə sümüyü sınıb.

Lalənin iş yoldaşları, tibb personalı hamısı səsə gəliblər. Hadisə yerinə çatanda avtomobilin vurduğu şəxsin Lalə olduğunu, keçindiyini görüblər. Deyilənə görə avtomobilin sürəti təqribən 120 km/saat olub.”-İsmayılova deyir.

 

 Zərərçəkmişin nümayəndəsi vəkil Elçin Sadıqov işin obyektiv araşdırılmadığını, cinayət işinin birtərəfli, qərəzli aparıldığını bildirib: 

 

“Avtomobilin qəza anında hansı sürətlə hərəkətdə olduğu barədə fakt saxtalaşdırılıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ