Ermənistan ordusunu nəinki “sürücülük vəsiqəsi” olmayan, həm də maşın sürməyi bilməyən adamlar idarə edir. Belə olan halda “avtomobil” uçuruma doğru sürüşəcək və, bu artıq baş verir.
Bu sözləri Ermənistanın eks-prezidenti Serj Sarkisyan yerli jurnalistlərə müsahibəsində deyib.
“2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki yardım almayıb”, – Sarkisyan əmin edir və bildirir ki, prezident və müdafiə naziri olduğu müddətdə Ermənistan “böyük hərbi-texniki yardım” alıb.
“Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illər ilə məzənnə fərqini unudub, böyük müdafiə xərcləri ilə öyünür (bu il xərclərin 1,2 milyard dollar olacağı gözlənilir”.
Sarkisyan Ermənistan ordusunun 2018-ci ilə qədərki vəziyyəti ilə bağlı hazırkı hakimiyyətin tənqidlərinə belə cavab verib:
“Bizim ordumuz, şübhəsiz ki, “Mercedes” deyildi və ola da bilməzdi, lakin ordumuz öz işini görən möhkəm, normal maşınla müqayisə oluna bilər”.
Sarkisyan həmçinin iddia edir ki, erməni tərəfi 2020-ci il müharibəsi zamanı özünün “ən güclü silahından” istifadə etməyib.