Mehdiabaddakı 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə müəllimi cəza olaraq məktəbin döşəməsini sildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İddiaya görə, Cəmilə Quliyeva adlı müəllim şagirdinə xəbərdarlıq edib ki, növbəti dəfə gecikmə olsa, məktəbin sanitar qovşağını da sildirəcək. Şagirdin bacısı iddia edir ki, qardaşı döşəməni silərkən müəllimi onu videoya da çəkib. Cəmilə Quliyeva isə bu cəzanın məktəbin daxili prosedur qaydası olduğunu və direktor tərəfindən təyin edildiyini bildirib.
İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“Bildiririk ki, Elm və Təhsil Nazirliyinin 08.02.2023-cü il tarixində 36-D-22 nömrəli məktubuna əsasən Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə bütün ölkə üzrə eləcə də Abşeron-Xızı Regional təhsil İdarəsi üzrə 20 ümumi təhsil müəssisəsində tətbiqinə başlanılıb.
Abşeron rayon Mehdiabad 4 nömrəli tam orta məktəb də pilot məktəblər sırasına daxil olub. Bu yöndə nümunəvi fəaliyyət planı hazırlanıb, şagirdlərlə görüş keçirilməsi, tapşırıqlar verilməsi, daxili-nizam intizam qaydalarının hazırlanması və təkliflərin verilməsi ilə əlaqədar olaraq direktorlara müvafiq tapşırıqlar verilib. Lakin Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru təlimata zidd olaraq, şagird-davranış qaydalarının məktəblərdə pilot layihə kimi tətbiqindən öncə, nəzərdə tutulmayan qaydada 03.02.2023-cü il tarixdə pedaqoji şura iclası təşkil edərək daxili-nizam intizam qaydaları tətbiq edib.
Bütün bu göstərilənlərlə əlaqədar araşdırılma aparılıb, təlim-tərbiyə işləri üzrə təşkilatçı müavinin, eləcə də məktəb direktorunun izahatı alınıb. Araşdırma zamanı şagirdin davamiyyətinin zəif olması aşkarlanıb. Bundan başqa, şagirdin növbətçilik əsasında təmizlik işlərinə cəlb edilməsi faktı öz təstiqini tapıb. Bildiririk ki, hal-hazırda araşdırma davam edir, məsuliyyətli şəxslər müvafiq qaydada intizam tənbehi ilə cəzalandırılacaq”.