“Qarabağ” rəhbərliyi klubdan kənarlaşdırılan fotoqraf Elmir Kərimovu yenidən işə bərpa edib.
Bunu fotoqrafın özü deyib.
O bildirib ki, klubun bazasına dəvət olunub və rəhbərliklə görüşüb. Görüş zamanı fotoqrafın yenidən işinin başına qayıtması istənilib və o, buna razılıq verib:
““Neftçi” ilə oyundan sonra “Qarabağ”ın bazasında oldum, klub rəhbərliyi ilə görüşdüm. Görüşdə geniş müzakirə oldu. Yusif Cəfərov da orda idi.
Yusif səhv anlaşıldığını dedi. Rəhbərliyin baş verənlərdən narahatlıq keçirdiyinə yaxından şahid oldum. Şəxsən çağırdıqlarına və səmimiyyət göstərdiklərinə görə təşəkkür edirəm. Görüşün sonunda "Qarabağ" rəhbərliyi yenidən işə dönməyimi istədi. Klubun qapılarının hər zaman üzümə açıq olduğunu bildirdilər”.
Qeyd edək ki, “Qarabağ” rəsmisi E.Kərimova matçların çəkilişinə görə verdiyi qonorarı azaltmışdı və ona bununla razı olmadığı halda işindən ayrıla biləcəyini demişdi. Söhbət bir oyuna görə 100 manatın 50 manata endirilməsindən gedirdi.