“Lift işləmir deyə təcili yardım gəlmir”

Müğənni Elmira (Emma) Ələkbərzadə yaşadığı binadakı sosial problemlərdən şikayətlənib.

Bu barədə o, instaqramda videomüraciət yayıb.

Ələkbərzadə aidiyyəti dövlət qurumlarına səslənib: “Çox acınacaqlı bir vəziyyətdəyik. Xocalı prospekti, Süleyman Vəzirov küçəsindəki binalarda səhərdən nə işıq, nə də su var. On beş mərtəbəli binanın pilləkənlərini ağır çantalarla qalxmaq nə dərəcədə doğrudur? Bunun xəstəsi, körpəsi, uşağı var. Ötən dəfə bir xanımın körpəsi ağır xəstə idi və təcili yardım biləndə ki, lift işləmir, gəlmədi. Çünki piyada qalxıb xərəkdə o uşağı düşürmək var. Bu, nə dərəcədə düzgündür?".

Müğənni binanın məxsus olduğu MTK-dan da şikayətlənib: “Biz neçənci əsrdə yaşayırıq? Bu MTK-nın sahibləri hara baxır? Nə vaxta qədər bu biabırçılıq davam edəcək? Nə vaxta qədər insanlar əziyyət çəkəcək? Axır vaxtlar gecə saat 1-dən səhər 5-ə qədər su vermirlər. Bəlkə biri gecə 3-də yatır. Yaşadığım ərazidə nə qədər xəstə insanlar var, onlar nə etsinlər? Bəlkə biri çay içmək istəyir, bunu necə etsin? Rayon İcra Hakimiyyətinin başçısına, MTK-nın sahiblərinə səslənirəm. Hara baxırsınız? Bu nə vaxtadək davam edəcək? Bacım Sevda Ələkbərzadə evdə çaysız, susuz qalıb. Niyə? Xahiş edirəm, Xətai rayon icra başçısı bir əncam çəksin”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ