Britaniya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Rusiya qüvvələrinin Baxmutu mühasirəyə almağa cəhdlərini davam etdirdiyini, həmçinin Uqledar üzərinə yeni hücuma hazırlaşdığını bildirib. Bu barədə Britaniya kəşfiyyatının fevralın 23-də səhər saatlarında Ukraynadakı vəziyyətlə bağlı təqdim etdiyi gündəlik icmalında deyilir.
Hesabatda bildirilir ki, son iki gündə Baxmut yaxınlığında şiddətli döyüşlər davam edir. Uqledar şəhəri yenidən güclü artilleriya atəşinə məruz qalıb.
“Rusiyanın bölgədə növbəti hücuma hazırlaşması ehtimalı var”, - məlumatda qeyd edilir. Həmçinin əlavə olunur ki, 2022-ci ilin sonu və 2023-cü ilin fevralında Rusiyanın Uqledar yaxınlığındakı hücumu uğursuzluqla nəticələnib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi hesab edir ki, general-polkovnik Rüstəm Muradovun komandanlıq etdiyi Şərq Hərbi Dairəsinin qoşunları hələ də Uqledar bölgəsində gedən döyüşlərə görə məsuliyyət daşıyır. Britaniya hərbçilərinin fikrincə, Muradova əvvəlki uğursuzluqlardan sonra yaxşı nəticə göstərməsi üçün təzyiq edilir. “Lakin Muradov sıçrayışa nail ola biləcək zərbə qüvvəsinə malik deyil”, - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 23-də məlumat verib ki, Rusiya qüvvələri Baxmutu mühasirəyə almağa cəhd etməkdə davam edir. Uqledar bölgəsində elit 155-ci Dəniz Briqadasına bağlı kazak könüllüləri “hücumun uğursuzluğu və əhəmiyyətli itkilər səbəbindən” sonrakı hücum əməliyyatlarında iştirak etməkdən imtina edirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində onlar Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində rusiyalıların 90 hücumunu dəf ediblər.