Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb

Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.

Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 % (əsasən yaxındangörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 % (əsasən lor), sümük-əzələ sistemi 12.3 % (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.

Məlumat üçün bildirək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tapşırığına uyğun olaraq, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.

Qeyd edək ki, ilkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ