“Qarabağ”ın beynəlxalq qarşılaşmalardakı diktoru Sənan Şəfizadə bu axşam saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq Avropa Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ" - "Gent" oyununa gələcək azarkeşlərə çağırış edib.
Sports.az xəbər verir ki, tanınmış teleaparıcı Tofiq Bəhramov adına Respublika stadionuna Türkiyə və Azərbaycan bayraqları gətirməyi rica edib:
“Qarabağ” - “Gent” matçında azarkeşlər start heyətində olacaq. Gəlin ilk dəqiqədən meydan sahibi olduğumuzu göstərək. Hamılıqla stadiona Azərbaycan və Türkiyə bayraqlarını gətirək. 90 dəqiqə arenada qardaş ölkələrin bayraqları dalğalansın. Daha bir rica. Matçın 4-cü dəqiqəsinin 17-ci saniyəsində (zəlzələ baş verən an) üç dəfə gur səslə "Türkiyə, Türkiyə, Türkiyə" söyləyək. Sizcə alınar?Azərbaycan - Türkiyə!”
Şəfizadənin "Facebook" sosial şəbəkəsindəki bu çağırışına fərqli reaksiyalar olub. Tərəfdarlar qardaş ölkədəki əsrin fəlakətində həyatını itirən onminlərlə insanın xatirəsini matçın ilk 4 dəqiqə 17 saniyəsini hamılıqla susmaqla yad edilməsini və bunun öncədən stadionda bir neçə dəfə elan edilməsini, tabloda 4:17 rəqəmləri görünəndə görünəndə gur səslə "Türkiyə, Türkiyə, Türkiyə" söyləməyi təklif edib.
Bəzi azarkeşlər isə "Qarabağ"ın hər bilet üçün bir Türkiyə bayrağı hədiyyə edəcəyi halda tribunada daha möhtəşəm görüntü yaranacağını bildiriblər.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi "Gent"in stadionu "Ghelamco Arena" faciəvi zəlzələdən dərhal sonra Türkiyə bayraqları ilə işıqlandırılmışdı. Belçikalılar Türkiyəyə dəstəyini bu formada ifadə etmişdilər.