Counterpoint şirkəti iPhone 14 Pro Max smartfon modelinin sahib olduğu komponentlərin qiymətlərini analiz edib.
Analiz nəticəsində məlum olub ki, iPhone 14 Pro Max-ın istehsalı Apple şirkətinə iPhone 13 Pro Max-ın istehsalından bir qədər baha başa gəlir. Bununla belə istehsalçılar üçün bu smartfonların qiymətlərində heç bir dəyişiklik olmayıb.
Təqdim edilmiş qrafikdə iPhone 13 Pro Max ilə iPhone 14 Pro Max-ın əsas komponentlərinin qiymətlərində olmuş dəyişikliklər əks olunub. Qrafikdən də görmək olar ki, iPhone 14 Pro Max-ın sahib olduğu əsas komponentlər arasında ən bahalıları ekran, prosessor və kameralardır. Lakin modem və şəbəkə əlaqəsi ilə bağlı olan komponentlərin qiymətləri daha aşağıdır.
Smartfonun ən bahalı komponentlərindən biri A16 Bionic prosessorudur. A15 Bionic ilə müqayisədə A16 Bionic prosessoru Apple şirkətinə 11$ daha baha başa gəlir. iPhone 13 Pro Max-ın ekranından fərqli olaraq iPhone 14 Pro Max-da Dynamic Island çıxıntı hissəsinə və 2000 nit maksiml parlaqlıq səviyyəsinə sahib ekran da şirkətə daha baha başa gəlib. Eyni hal kameraları da əhatə edir. Belə ki, iPhone 14 Pro Max-da 48 MP-lik əsas arxa kamera obyektivininin istifadə edilməsi öz növbəsində smartfonun kamera sahəsinin 6.3$ bahalaşmasına səbəb olub. Buna baxmayaraq Apple şəbəkə əlaqəsi hissəsində qənaət edə bilib.
Bu məsələdə komponentlərin qiymətləri 13% aşağı endirilib. Bu, 5G komponentlərinin qiymətlərində düşüş ilə əlaqəlidir.
Belə ki, sözügedən texnologiya artıq kütləvi hal almağa başlayıb. Nəticədə 128 GB daxili yaddaşa sahib iPhone 14 Pro Max-ın komponentlərinin ümumi qiyməti 464$ təşkil edir. Bu isə iPhone 13 Pro Max-ın sahib olduğu komponentlərin ümumi qiymətindən 3.7% yüksəkdir.
Onu da nəzərə almaq lazımdır ki, smartfonun yekun qiymətinə həmçinin marketinq xərcləri, logistika, əməliyyat sisteminin dəstəklənməsi və s. kimi faktorlar da təsir göstərir.