BSU-nun sabiq rektoru Nurlana Əliyeva məcburi məhkəməyə gətiriləcək

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub.

Nurlana Əliyeva müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində məhkəməyə çağırılıb. Sabiq rektor məhkəməyə gəlmədiyi üçün məcburi gətirilməsi qərara alınıb.

Qərarın icrası polisə həvalə olunub.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ