Bir neçə gün öncə Azərbaycan Uşaqlar Birliyinin (AUB) "qaynar xətt"inə 3 azyaşlının küçədə kimsəsiz qalması ilə bağlı məlumat daxil olmuşdu.
Buta.media-nın xəbərinə görə, Birliyin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında artıq bir neçə gündür sığınacaqda saxlanılan uşaqların vəziyyət ilə bağlı məlumat verib.
"Uşaqların anası 2 gün öncə icra hakimiyyətinin əməkdaşları ilə birgə sığınacağa gətirildi. Ana övladlarına sahib çıxmaq istəyir" - Ağazadə bildirib.
Ananın sığınacaqdakı vəziyyətlə tanış olduğunu deyən sədr bəzi nüanslara da toxunub: "Qadının çox böyük iddiaları var. Onun Keşlə qəsəbəsində evi olsa da, deyir ki, "mənə şərait yaradılsın"".
"Biz isə bildirdik ki, uşaqlar burada qaldığı müddətdə onlara xərcləyəcəyin vəsaiti, zəhmət çək, təmizlik işlərinə, evin şəraitinin yaxşılaşdırılmasına sərf et. Qeyd etdik ki, bundan sonra, yəqin, qərar verilər və uşaqlar sənə geri qaytarılar" - AUB rəhbəri vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə Keşlə qəsəbəsində kimsəsiz halda tapılan azyaşlılardan 2-si qız, 1-i isə oğlandır.