ABŞ üzərində daha bir aerostat vuruldu

Cümə günü, fevralın 10-da Birləşmiş Ştatların ordusu Alyaska ştatı üzərində ABŞ hava məkanına daxil olan “obyekti” vurub.

Bunu Ağ Evdə keçirdiyi brifinqdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Təsdiq edə bilərəm ki, Müdafiə Departamenti son 24 saat ərzində Alyaska hava məkanında yüksək hündürlükdə hərəkət edən obyekti izləyirdi.

Kirbi bildirib ki, əvvəllər Atlantik okeanı üzərində vurulan Çin şarından əhəmiyyətli dərəcədə kiçik və sadə olan bu obyekt 12 kilometr yüksəklikdə uçub və mülki aviasiya üçün təhlükə yaradıb. Eyni zamanda, onun mülkiyyəti və təyinatı müəyyən edilməyib.

Kirbi əlavə edib ki, ABŞ prezidenti Co Bayden hərbçilərə obyekti vurmağı əmr edib, o, qırıcı təyyarələr tərəfindən vurulub və ABŞ ərazi sularında buzun üstünə düşüb.

Fevralın 3-də ABŞ-ın şimal hissəsində Çin kəşfiyyat şarı peyda olub. Ertəsi gün ABŞ ordusu onu Co Baydenin əmri ilə vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ