Kahramanmaraşın Tevekkeli kəndində kilometrlərlə uzanan fay xəttindəki qırılma ard-arda baş verən zəlzələlərin şiddətini bir daha ortaya qoyub.
Bu barədə Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin direktoru, professor Hasan Sözbilir yazılı açıqlama verib.
O bildirib ki, zəlzələdən sonra müxtəlif universitetlərin zəlzələ üzrə mütəxəssisləri ilə birlikdə bölgədə araşdırmalar aparılır.
Digər tərəfdən AFAD-ın zəlzələ və risklərin azaldılması üzrə baş direktoru Orhan Tatar da keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı danışıb.
“Şərqi Anadolu qırılma xəttinin müxtəlif qırılma qolları üzərində təxminən 400 kilometrlik bir xətt boyunca və 8-10 kilometrə qədər dərinlikdə Yer qabığının hazırda 3-4 metr ölçüdə deformasiyaya uğradığını görürük. Bir çox dostlarımız, mütəxəssislər, akademiklər bögədə araşdırmalar aparır. Artıq dünəndən etibarən bölgədən bəzi məlumatlar gəlməyə başlayıb. Nəzər yetirdikdə magistral və dəmir yollarının 3-4 metrə qədər deformasiyaya uğradığının şahidi oluruq. Bu, həqiqətən də böyük zəlzələdir”, - deyə o qeyd edib.