Azərbaycan nefti bir həftə dünya bazarlarına çıxmayacaq

Bu həftənin əvvəlində Türkiyədə baş verən iki güclü zəlzələdən sonra Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına ixracını bərpa etmək hələ də mümkün olmayıb. Buna səbəb zəlzələ nəticəsində Azərbaycan neftinin tankerlərə daşındığı terminala dəyən ziyandır.

Rəsmilər problemin dəqiq nədən yarandığını açıqlamasalar da, Bloomberg-in son məlumatına görə, terminalın idarəetmə hissəsi zədələnib.

Terminala dəyən zərərin ilkin qiymətləndirilməsinin nəticələri ilə tanış olan mənbə agentliyə bildirib ki, Azərbaycan neftinin Ceyhan limanından nəqli ən azı gələn həftənin sonuna kimi bərpa olunmayacaq. Əvvəllər terminalın bu həftənin sonuna kimi fəaliyyətini bərpa edəcəyi gözlənilirdi.

Bu həftənin əvvəlində Türkiyədə baş verən iki güclü zəlzələdən sonra Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına ixracını bərpa etmək hələ də mümkün olmayıb.

Daha əvvəl xəbər verildiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatoru olan BP fevralın 8-də “fors-major” elan edib. Bundan əvvəl Azərbaycan neftinin tankerlərə daşındığı terminalın operatoru olan “Botaş International Limited” (Türkiyənin “Botaş” dövlət şirkətinin törəmə şirkəti) analoji mesajla çıxış edib. Bu ifadə ixracatçıların və ya terminal operatorlarının günahı ucbatından baş verməyən hadisənin səbəb olduğu problemin olması deməkdir. Və müvafiq olaraq, tərəflərdən heç biri malgöndərənlərin çəkdiyi maliyyə itkilərinə görə məsuliyyət daşımır.

Bundan əvvəl BP təsdiq edib ki, terminalda neft sızmasına səbəb olan sızma aradan qaldırılıb və hazırda ekspertlər vəziyyəti öyrənirlər. Şirkət, eləcə də Türkiyənin Energetika Nazirliyi başqa təfərrüatları açıqlamayıb.

Hazırda Azərbaycandan xam neft BTC boru kəməri ilə Ceyhana axmağa davam edir və çənlərə doldurulur. Bununla belə, terminalda saxlama qabiliyyəti məhduddur: çənlər nəhayət doldurulana qədər təchizatın nə qədər davam edə biləcəyi bəlli deyil.

Azərbaycan nefti çənlərə doldurulur

Gəmi monitorinqi saytı Marinetraffic.com bildirib ki, altı neft tankeri fevralın 8-də Ceyhan sahillərində yanaşaraq dayanıb. Onların bir qismi Azərbaycandan xam neftin yüklənməsini gözləyəcək.

Mövcud vəziyyətə gəlincə, BP "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın azaldılması ilə bağlı qərar qəbul etməyib.

Yada salaq ki, Bakı yaxınlığındakı Səngəçal terminalının çənlərinin tutumu dörd gün ərzində sabit hasilata imkan verir.

Qısa müddətdə bu vəziyyət Azərbaycan iqtisadiyyatına təsir göstərməyə bilər. Lakin terminal uzun müddət öz işini bərpa edə bilməsə, iqtisadi nəticələr qaçılmaz olacaq. Xatırladaq ki, Azərbaycanın ixracatının 90 faizindən çoxu neft və qazdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ