Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilməkdədir.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyində, Türkiyədəki Səfirliyimizdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır:
“Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.
Bu günə qədər 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb. Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin”.