Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər.
Səbəb həkimlərə nəzərdə tutulan sığorta ödənişlərinin verilməməsi olub.
"Son iki-üç ayda 600 min manat dəyərində sığortalı xəstə qəbul edilsə də, icbari tibbi sığorta haqqında qanunla nəzərdə tutulan əlavə ödənişlər verilməyib", - həkimlər qeyd edib.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov APA-ya bildirib ki, muxtar respublikada bütün səhiyyə ocaqlarına sığorta ödənişləri xidmətlər zərfinə uyğun olaraq hər ay tam şəkildə ödənilib.
Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev APA-ya etirazın olduğunu təsdiq etdi: "Bəli, dünən həkimlərin bəziləri bu məsələ ilə bağlı etiraz ediblər. Onlarla artıq görüş keçirmişik. Diaqnostika Mərkəzi yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılır. Bununla əlaqədar olaraq orada təhvil-təslim işləri gedir. Bu məsələlər həll olunduqdan sonra həkimlərə qanuna uyğun olaraq əlavə ödənişlərin yerinə yetirilməsi təmin ediləcək".
Həkimlər belə olacağı halda, aksiyanı növbəti günlərdə də davam etdirəcəklərini bildiriblər.