Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb.
M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib.
“Can Azərbaycanın Tehran səfirliyinə olan hücumu lənətləyirəm. Şəhid qardaşımıza Allah rəhmət eləsin.Azərbaycan heç vaxt tək deyil”, - Çavuşoğlu Twitterdə yazıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.