Azərbaycanda dollara təlabat azalıb - Səbəb nədir?

“Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub”.

Bu hərracla bağlı fikir bildirən iqtisadçı Samir Əliyev bunun ilk belə hal olduğunu bildirib.

İqtisadçı deyib ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası müşahidə edilir:

“Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda, növbəti hərraclarda uyğun olaraq 51.2 milyon dollar, 35 milyon dollar, 18.7 milyon dollar, 1.5 milyon dollar olub və nəhayət sonuncu hərracda tələbat olmayıb. 

Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar olub”.

Ekspertin özlərinə görə, ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır:

“Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda, 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir.

18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi.

Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır. Səbəb nə ola bilər: Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğu, yoxsa ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığı?”

XƏBƏR LENTİ