Türkiyədə 3 manata olan dərman Azərbaycanda 39 manata satılır

Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar. Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün Məcəllənin qəbul olunması önəmlidir: “Süni surətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır. Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu”.

Ə.Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur:

“İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədə qiyməti 3,2 manat olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını düşünürəm ki, Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”. 

Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Bundan öncə Milli Məclisdə dərmanların baha olması məsələsi qaldırılıb. Deputat Vahid Əhmədov Türkiyədən gələn dərmanların baha olduğunu söyləyib. Onun sözlərinə görə, qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir.

“Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burada olan dərmanların qiymətində 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamalıdır. Bu əhalini ən çox narahat edən problemdir”, - deyə Vahid Əhmədov bildirmişdi.

Deputat Fazil Mustafa da Azərbaycanda dərman vasitələrinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu diqqətə çatdırıb.

“Təsəvvür edin ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, bu, vətəndaşın yaşamında özünü hiss etdirmir", - deyə deputat əlavə edib.

Baş nazir Əli Əsədovun sözlərinə görə, Azərbaycan dərman məhsullarının 95 faizindən çoxunu idxal edir. Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ