Putinin iqamətgahı yaxınlığında “Pantsir-S1” quraşdırıldı

Novqorod vilayətinin Yaşçerovo kəndində, Rusiya prezidenti Vladimir Putinin iqamətgahından 6 kilometr aralıda “Pantsir-S1” zenit-raket kompleksi quraşdırılıb. Bu barədə “Aqentstvo” nəşri Valday şəhər sakininin təqdim etdiyi fotoya istinadən xəbər verir.

Fotonun müəllifinin sözlərinə görə, hava hücumundan müdafiə sistemi bir neçə həftə əvvəl quraşdırılıb. Yaşçerovo və qonşu kəndlərin digər sakinləri kənddə hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığını təsdiqləyiblər. Həmsöhbətlərdən biri deyib ki, kompleks döyüş növbətçiliyindədir, yaxınlıqda həmişə ən azı üç hərbi qulluqçu olur və radiolokasiya stansiyasının antenası fırlanır.

“Aqentstvo” qeyd edir ki, Yaşçerovo yaxınlığında kritik infrastruktur, strateji obyektlər, iri müəssisələr və ya böyük hərbi texnika və personalın cəmləşməsi yoxdur.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi, eləcə də Kreml RF Prezidentinin Valdaydakı iqamətgahı yaxınlığında hava hücumundan müdafiə ilə bağlı məlumatı hələlik şərh etməyib.

Ötən həftə sosial şəbəkədə Moskvanın mərkəzində, məsələn, Rusiya Müdafiə Nazirliyinin binasında quraşdırılan hava hücumundan müdafiə sistemlərinin video və fotoları dərc edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ