Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.
Buta.media xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Maliyyə Nazirliyinin (MN) birgə açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək, hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat MN-ə və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.
MBNP-nin təqdim etdiyi siyahıya uyğun olaraq bu gündən MN müvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və "Azərpoçt" MMC-nin AMB-dəki hesablarına köçürülməsinə başlayıb.
Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə MN tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə MBNP ilə razılaşdırılmaqla həyata keçiriləcək.
Aprelin 22-dən vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanılacaq. Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.