Bir neçə gün öncə Rusiyanın “Sobesednik.ru” saytında 2012-ci ildə Moskvada avtomobilində qətlə yetirilən “Danabaş” ləqəbli azərbaycanlı kriminal avtoritet İlqar Cəbrayılovun (Əliyevin) Çexiyanın paytaxtında peyda olduğuna dair məlumat yayılıb.
Məlumatda bildirilirdi ki, 2015-ci ildə Çexiyada “Mega Color” adlı firma qeydiyyatdan keçib, bu firmanın həmtəsisçilərindən biri isə İlqar Cəbrayılov adlı şəxsdir.
Hansı ki, həmin vaxt o, artıq 3 il əvvəl ölmüş olmalıydı... Araşdırma nəticəsində doğum tarixi və Moskva adresi də mərhumunki ilə üst-üstə düşüb.
İ. Cəbrayılovun oğlu İbrahim Əliyev “Qafqazinfo”nun redaksiyasına gələrək bildirib ki, atasının yaşadığı yönündə çıxan xəbərlər əsassızdır.
O, atasını 2012-ci ildə ailə üzvləri ilə birlikdə Yasamal qəbiristanlığında dəfn etdiklərini söyləyib: “Bu xəbəri eşidəndə həm güldüm, həm də sevindim. Bəzən olur axı, yeraltı dünyanın ölü bildiyimiz adamları sağ çıxır.
Lakin bu atamla bağlı məsələyə aid deyil. Biz 3 qardaşıq, mən ən kiçiyiyəm. Atamın dəfnində, meyitinin yuyulmasında qardaşlarımla birgə iştirak etmişəm. Bu informasiyalar sadəcə təxribat xarakteri daşıyır. Biz istəyirik atamızın ruhu şad olsun”.