Makao “qumar kralı” 18 il azadlıqdan mərhum edildi

Makao məhkəməsi medianın “qumar kralı” adlandırdığı “Suncity Group Holdings”in təsisçisi Elvin Çaunu fırıldaqçılıq və qumar oyunlarının qanunsuz təşkili ittihamı ilə 18 il həbs cəzasına məhkum edib. Bu barədə Reuters və BBC News xəbər verir. O, ilk növbədə astronomik məbləğdə 105 milyard dollar məbləğində qanunsuz mərc oyunları təşkil etməkdə ittiham olunub.

48 yaşlı Çaunun şirkəti zəngin müştərilər üçün materik Çindən Makao kazinolarına səfərlərin təşkilinə, onlara kreditlərin verilməsinə, yüksək səviyyəli qumar salonlarının idarə olunmasına, həmçinin kazinolara böyük məbləğdə pul uduzan qonaqlardan bu vəsaitin alınmasına kömək edib. BBC News xəbər verir ki, “Suncity” bu sahədə Makaonun ən böyük şirkəti olub.

Prokurorlar iddia edirlər ki, Çau Çin hakimiyyəti üçün bir milyard ABŞ dollarından çox vergi itkisi ilə nəticələnən qanunsuz mərcləri asanlaşdıran cinayət sindikatına rəhbərlik edib. Ümumilikdə iş ilə bağlı 20 nəfərə yaxın adam həbs edilib.

Məhkəmə Çaunu 162 maddə üzrə təqsirli bilib, pulların yuyulması ittihamı ilə ona bəraət verib. 2021-ci ilin sonunda həbs edilən iş adamı ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Məhkəmə qərarına əsasən, “qumar kralı” Makaonun hakimiyyət orqanlarına 830 milyon ABŞ dollarından çox, eləcə də “MGM China”, “Wynn Macau”, “Sands China”, “Galaxy Entertainment”, “SJM Holdings” kazino operatorlarına 23 milyondan 100 milyon dollara qədər pul ödəməlidir.

Makao keçmiş Portuqaliyanın müstəmləkəsi və Çində qumara icazə verilən yeganə şəhərdir. Qumardan gələn vergi gəlirləri şəhərin dövlət gəlirlərinin 80%-dən çoxunu təşkil edir.

Son illərdə Makaonun qumar sənayesi daha sərt qaydalar və koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən kəskin şəkildə azalıb. Rəsmi rəqəmlərə görə, Makaoda indi 36 kazino operator var, halbuki 2019-cu ildə onların sayı 100 idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ