Azərbaycanda təhlükəli qrip virusu yayılıb - həkim məsləhəti

“İnsanlar rahatlıqla öz yaşayış məntəqələrinə yaxın Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər”.

Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, risk qrupuna daxil olanların peyvənd olunması şərtidir:

“Ölkəyə (İİV 4) inaktiv qrip peyvəndi gətirilərək bütün poliklinikalara paylanılıb, risk qrupunda olan insanlar əvvəllər peyvənd etməyiblərsə, fevral ayına qədər peyvənd vurdura bilərlər.

Qrip əsasən oktyabr ayından başlayaraq, dekabr ayında artan və hər il aprel-may aylarını da əhatə edən dövrdə aktiv görülür. Bu səbəbdən qrip peyvəndi hər il oktyabr ayından başlayaraq vurulmalıdır.

Bununla yanaşı, qripdən qorunmaq üçün tez-tez əl yumaq, sağlam qidalanma və mövsümə uyğun geyinmək kimi şəxsi ehtiyat tədbirləri ilə yanaşı, xüsusilə peyvənd risk altında olan insanlar üçün ən təsirli qorunma üsuludur”.

Həkim əlavə edib ki, xroniki və digər yanaşı xəstəliyi olanlar qrip virusunu daha ağır formada keçirirlər”.

“Havalar kəskin dəyişdiyi üçün qrip virusu geniş yayılıb. Bəzilərində hərarət bir neçə gün davam edir. Xroniki və digər yanaşı xəstəliyi olanlar, həmçinin hamilə qadınlar xəstəliyi ağır formada keçirirlər. Bu şəxslər zamanında peyvənd olunmaldırlar. Hamilə qadınlar da peyvənd vurdura bilərlər. Bunun heç bir fəsadı yoxdur.”

V.Əliyev qeyd edib ki, hamiləlikdə xəstəliyin ağırlaşma riski var:

“Bu günə qədər aparılan araşdırmalardan görürük ki, hamilə qadınlar da xəstəliyi rahatlıqla keçirirlər. Xəstəliyin uşağa mənfi təsirləri qeydə alınmayıb. Hamiləlikdə ağırlaşma hallarının olması riski var. Eyni zamanda döl üçün də təhlükə ola bilər. Lakin bilavasitə olaraq dölə mənfi təsiri qeydə alınmayıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ