Rəsmi Yerevan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər nazirinin iştirakı ilə iki ölkə xarici işlər nazirlərinin Moskva görüşündə Rusiyanın 2016-cı ildəki təkliflərinin müzakirə edildiyi barədə dediklərinə münasibət bildirib.
Buta.media xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan erməni jurnalistlərlə söhbətində xatırladıb ki, görüşün gündəliyi Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşdən dərhal sonrakı birgə bəyanatında dərc olunub.
"Birgə bəyanatlar məhz o hədəflə hazırlanır ki, görüşün bütün razılaşdırılmış fikirləri onların yekun mətnində əksini tapsın. Razılaşdırılmış mətnlə ziddiyyət təşkil edən kənar bəyanatların verilməsi qarşılıqlı etibarın möhkəmlənməsinə imkan vermir. Hazırda danışıqlar hansısa bir proqram ətrafında aparılmır. Bundan başqa, danışıqların əsas hissəsi bir-birinin mövqeləri ilə tanışlıq, onların aydınlaşdırılması və dəqiqləşdirilməsi üzərində gedir", - deyə Ermənistan XİN-in rəsmi nümayəndəsi bildirib.
O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
A.Naqdalyan xatırladıb ki, görüşün tarixi və yeri hər iki tərəfdən eyni vaxtda elan edilir.
"Həqiqətən də, əvvəlki belə görüşlərin coğrafiyasını nəzərə alaraq, növbəti görüşün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birində keçirilməsinin mümkünlüyü nəzərdən keçirilir. Ancaq bu məsələ hələ müzakirə mərhələsində olduğundan, birtərəfli ifadələrin tətbiqindən çəkinmək lazımdır.
Bundan başqa, görüşün ATƏT-in MQ ölkələrindən birində keçirilmə yeri haqda qiyabi elan prosesin iştirakçılarına, ilk növbədə isə bu vasitəçiyə qarşı hörmətsiz münasibətdir. Hələ razılaşdırılmamış görüş barədə elan vermək arzusu, qarşılıqlı güvənə əsaslanan iş üçün normal bir mühitin meydana gəlməsinə kömək etməyəcək", - deyə A.Naqdalyan fikrini yekunlaşdırıb.
Maraqlıdır ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov E.Məmmədyarovun Moskvada keçirilən görüşdə 2016-cı ildə irəli sürülən təkliflərin müzakirə olunduğunu bəyan etməsini təkzib etməyib: “Səhv etmirəmsə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonrakı müsahibələrinin birində xatırladıb ki, bu təkliflər müzakirə olunub. Buna görə mənim burada nəsə əlavə etməyə sözüm yoxdur”.