Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi qlobal “sülh sammiti” fevralın 24-də, Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə planlaşdırılıb. Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Anadolu”ya müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, sammitin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilməsi planlaşdırılır. O, Ukraynanın sülhə hazır olduğunu və prezident Vladimir Zelenskinin daha əvvəl buna nail olmaq üçün təkliflər hazırladığını vurğulayıb.
Zelenski dekabrda “sülh sammiti” keçirmək istədiyini açıqlayıb. Eyni zamanda, yanvarın əvvəlində BMT-nin özü qeyd etdi ki, “indiki mərhələdə” onlar buna hazırlaşmırlar.
Ukraynanın sülh razılaşmasına hazır olduğu on prinsipi Zelenski noyabrda G20 sammitində formalaşdırıb.
Rusiya Ukraynanın “sülh formulunun” şərtləri ilə bağlı danışıqlardan imtina edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zelenskinin on prinsipini şərh edərkən deyib: “Aydındır ki, Kiyev dialoqa hazır deyil”.